2021-02-27 16:20

Millət vəkili: Şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır

Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Çünki məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri uğurla həll etməyə imkan verir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Hətta pandemiya şəraiti səbəbindən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb.
Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olur. Bu zaman ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınır. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Bu, sosial sahədə görülən işlərdə praktiki olaraq təsdiqini tapır. Bu xüsusda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur. Bununla yanaşı ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünü daha qabarıq formada İkinci Qarabağ savaşında büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədi. Bu Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.
Dövlət başçısının sərəncamı ilə keçən il dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350, 3-cü qrup əlillərinin təqaüdü isə 300 manata qədər artırılmışdır. Eyni zamanda Milli qəhrəmanların təqaüdü artırılaraq 1800 manata çatdırılmışdır. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə yeni bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin 2 min manat məbləğində təqaüdü təsis edilmişdir. Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşların ailələri ilə bağlı görülmüş işlər 7 min şəxsi əhatə etmişdir. Onların 2300 nəfərinə sosial ödənişlər təyin olunmuşdur. Eyni zamanda şəhid və Vətən müharibəsi iştirakçısının ailələri özünəməşğulluq proqramına cəlb edilmişdir.
Şəhid ailələrinə təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi ilə yanaşı, onların mənzil-məişət və iş problemlərinin həlli də bu kateqoriyadan olan insanlara diqqət və qayğının əyani təzahürləridir. Bildiyimiz kimi, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Prezident İlham Əliyev göstərişinə əsasən həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Dövlət Bakı, Sumqayıt və Abşeron rayonunda nəzərdə tutulan işləri bu ilin sonuna qədər tam icra edəcək. Bununla yanaşı, digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi də davam etdirilir. Təkcə Ramana qəsəbəsində inşa edilmiş kompleksdə doqquzmərtəbəli 30 bina tikilib ki, bu da ümumilikdə 1512 mənzildən ibarət. Eyni zamanda, dövlət başçısının cari ilin yanvar ayında imzaladığı Sərəncama əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.
Beləliklə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir.
Xəbər lenti


Hava
VALYUTA
InvestAZ
Teqvim
Yuxarı